Qeyri-formal və informal təhsilin tanınmasının pilot sınağı üçün hazırlıqlar tamamlanmışdır

Qeyri-formal və informal təhsilin tanınmasının pilot sınağı üçün hazırlıqlar tamamlanmışdır

Avropa İttifaqının maliyyələşdirdiyi və Təhsil Nazirliyinin əsas benefisiar olduğu “Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsinin İcrasına Dəstək” layihəsi çərçivəsində Bərbər və Aşpaz kvalifikasiyaları üzrə qeyri-formal və informal təhsilin tanınmasının pilot sınağı üçün hazırlıqlar yekunlaşdırılmışdır.

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin mütəxəssisləri ilə birlikdə həyata keçirilən hazırlıq mərhələsində sahələrin mütəxəssislərinə təlimlər keçirilmiş və bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi üçün müvafiq suallar hazırlanmışdır. Belə ki, həm Bərbər, həm də Aşpaz kvalifikasiyalarında biliyin qiymətləndirilməsi üçün test bankları, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi üçün isə müvafiq tapşırıqlar hazırlanmışdır.

Həm test bankları, həm də tapşırıqların hazırlanması üçün qiymətləndirmənin qabaqcıl təcrübələrindən istifadə olunmuş və kvalifikasiyaların bütün təlim nəticələrinin əhatə olunmasına xüsusi diqqət yetirilmişdir.

Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli qərarı ilə “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qaydaya əsasən qiymətləndirmə və tanınma Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir.


14.04.2020