Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Təhsil Nazirliyinin əsas benefisiarı olduğu, təhsil və təlim sisteminin keyfiyyətini artırmaq məqsədinə xidmət edən “Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsinin İcrasına Dəstək” layihəsinin yekun konfransı keçirilib.
Tədbirdə Təhsil naziri Emin Əmrullayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Texniki yardım qrupunun rəhbəri Trevor Kuk, baş ekspert İlkin Nəzərov və b. iştirak ediblər.
Təhsil naziri Emin Əmrullayev konfransda çıxış edərək, iqtisadiyyatın inkişafı və diversifikasiyası baxımından səriştə əsaslı kadr hazırlığı prosesində işəgötürənlərlə təhsilverənlər arasında əməkdaşlığın möhkəmləndirilməsinin, peşə təhsilinə diqqətin artırılmasının, qeyri-formal və informal təhsilin tanınmasının əhəmiyyətindən bəhs edib.
Təhsil naziri ölkəmizdə MKÇ-nin geniş şəkildə icrasını təmin etmək məqsədilə sözügedən layihə çərçivəsində müvafiq hüquqi-normativ-institusional bazanın yaradılması, qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması, səriştə əsaslı peşələr üzrə pilot təlimlərin keçirilməsi, müvafiq tədris resurslarının hazırlanması və keyfiyyətin təminatı sahəsində aparılmış işləri yüksək qiymətləndirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev çıxışında vurğulayıb ki, əmək bazarında aparılmış sorğu əsasında iqtisadiyyatın prioritet sahələri üzrə 300 peşə və kvalifikasiya standartı hazırlanıb. Bu ilin sonunadək həmin standartlar təsdiqlənərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlər portalı üzərindən fəaliyyət göstərəcək “Peşə və Kvalifikasiya standartlarının Reyestri”ndə yerləşdiriləcək. E-məlumat bazası olacaq həmin reyestr işəgötürənlərin, digər maraqlı tərəflərin qeyd edilən standartların hazırlanmasında yaxından iştirakına da şərait yaradacaq.
S.Babayev, “Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsinin icrasına dəstək” layihəsi çərçivəsində görülmüş işlərin əmək bazarı və təhsil sistemi üçün əhəmiyyətini diqqətə çatdırıb. Nazirliyin mütəxəssislərinin də yaxından iştirak etdiyi layihə üzrə 24 peşə və 24 kvalifikasiya standartının, müvafiq olaraq kurrikulumlar hazırlandığını deyib.
Avropa İttifaqı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxışında sürətlə inkişaf edən cəmiyyətdə ömürboyu təhsilə çıxış imkanlarının çevik, alternativ yollar, qeyri-formal və informal təhsilin tanınması yolu ilə yaxşılaşdırılması üçün böyük tələbatın olduğunu bildirib. Avropa İttifaqının Azərbaycanda tələbəyönümlü və səriştə əsaslı təhsil sisteminin Avropa İttifaqı standartlarına yaxınlaşdırılmasını dəstəklədiyini vurğulayıb. K.Yankauskas layihənin fəaliyyətlərinin Milli Kvalifikasiyalar Çərçivəsində nəzərdə tutulan məqsədlərin – təhsilalanlar, işəgötürənlər və təhsil təminatçıları üçün asan qavranılması, kvalifikasiyalara etimadın gücləndirilməsi, əvvəlki təhsilin tanınması və kreditlərin köçürülməsi yolu ilə ömürboyu təhsilin dəstəklənməsi kimi məqsədləri əhatə etdiyini deyib.
Daha sonra ADPU-nun rektoru, professor Cəfər Cəfərov layihə çərçivəsində keçirilmiş pilot layihələrin nəticələrinə dair çıxış edib, layihənin texniki yardım qrupunun rəhbəri Trevor Kuk və layihənin baş eksperti İlkin Nəzərov layihə fəaliyyətləri və əldə olunmuş nəticələr, qanunvericilik, institusional tərəfdaşlıq və maraqlı tərəflərin cəlb olunması fəaliyyəti ilə bağlı təqdimat ediblər.
20.10.2020