Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – AzMKÇ) milli kvalifikasiyaların sistemləşdirilməsi üçün bir vasitə olmaqla bütün təhsilalanlar, təhsilverənlər və işəgötürənlər üçün hazırlanmışdır və milli kvalifikasiyaların beynəlxalq kvalifikasiyalarla uyğunluğuna xidmət edir.
AzMKÇ-nin məqsədləri aşağıdakılardır:
- kvalifikasiyaların keyfiyyətinin və şəffaflığının artırılması;
- kvalifikasiyalar üzrə təhsil standartlarının və təlim nəticələrinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün vahid tələblərin təmin edilməsi;
- kvalifikasiyaları müəyyən edərkən, cəmiyyətin və əmək bazarının mövcud ehtiyaclarının nəzərə alınması və bununla da milli iqtisadi fəaliyyətin gücləndirilməsi, təhsil və təlim sahələri ilə əmək bazarı arasında əlaqələrin təşviq edilməsi;
- milli kvalifikasiyaların və kvalifikasiya səviyyələrinin AATMKÇ və ÖTAKÇ ilə uyğunlaşdırılması;
- ömürboyu təhsilin dəstəklənməsi, qeyri-formal və informal təhsil vasitəsilə əldə edilmiş səriştələrin tanınmasının təmin edilməsi;
- Azərbaycan Respublikasında verilən kvalifikasiyaların keyfiyyətinin və beynəlxalq kvalifikasiyalarla müqayisə oluna bilmə aspektinin xaricdə daha geniş tanınması, insan resurslarının rəqabətqabiliyyətliliyinin və mobilliyinin artırılması yolu ilə təhsilalanların və işçilərin milli və beynəlxalq mobilliyinin dəstəklənməsi;
- təhsil və təlim sahələrində həyata keçirilən islahatların ardıcıllığının təmin edilməsi.
AzMKÇ-nin əsas prinsipləri:
- kvalifikasiyalar əmək bazarının tələblərinə (peşə və kvalifikasiya standartları) və müvafiq qanunvericiliyə uyğun müəyyən edilir;
- kvalifikasiyalar təhsilalanlardan tələb olunan təlim nəticələrinin minimum səviyyəsini əks etdirməklə təsvir edilir;
- bütün kvalifikasiyalar bilik, bacarıq və müstəqillik/məsuliyyət baxımından təsvir edilir və AzMKÇ-nin səviyyələri ilə əlaqələndirilir;
- bütün kvalifikasiyaların keyfiyyəti təmin olunur;
- AzMKÇ-nin tərkib hissəsi olan hər bir kvalifikasiya Milli Kvalifikasiyalar Reyestrində (MKR) qeydə alınır, onun milli və beynəlxalq səviyyədə tanınması təmin edilir;
- MKR-in daim yeniləşdirilməsi və internet səhifəsində yerləşdirilməsi təmin edilir.
AzMKÇ-nin tərkib hissələri və nəticələri:
- Peşə standartları əsasında formalaşdırılan kvalifikasiyalar və onların təhsil proqramları (kurikulumlar)
- AMKÇ tələbləri əsasında formalaşdırılan keyfiyyətə təminat sistemi
- AZMKÇ tələbləri əsasında təşkil edilən sertifikatlaşdırma